Borani plov nece hazirlanir
Borani plov nece hazirlanir
İnqrediyentlər:
1 toyuq
750 qram boranı
4 baş soğan
200 qram badam
ərinmiş yağ
duz
sarıkök
Badamın üstünə qaynar su töküb 5 dəqiqə saxlayın. Aşsüzənə yığıb qabığını təmizləyin.
Toyuğu doğrayın, soğanı yarım halqa doğrayın. Boranını orta ölçülü kublara doğrayın.
Bunların hamısını ayrılıqda ərinmiş yağda qovurun. Soğanı əvvəlcə ağzıbağlı tavada qovurun, sonra isə qapağını açaraq qızardın.
Toyuğu ağzıbağlı tavada bişirin. Duz vurun, qıpqırmızı qızaranda ocaqdan götürün.
Boranını ağzıbağlı tavada bişirin. Duz vurun, sonra ağzıaçıq tavada bir qədər qızardın. Soğan və badamı əlavə edin.
Toyuğu əlavə edin, bıçağın ucunda sarıkök vurun, 20 ml qaynanmış su tökün, tavanın qapağını bağlayıb zəif odda 30 dəqiqə bişirin. 30 dəqiqə ərzində bütün suyu quruyub, ancaq yağı qalacaq.
Plov
Tərkibi:
500 qram basmati düyüsü
750 qram boranı
3 xörək qaşığı duz
sarıkök
2 xörək qaşığı xama
20 q kərə yağı
80 q ərinmiş yağ
1 yumurta
3 l su qaynadın. 3 xörək qaşığı duz əlavə edin. Su qaynayanda düyünü tökün, arada qarışdırın, düyü yarım bişmiş hala gələndə kubik doğranmış boranını əlavə edin, qarışdırın, 3 dəqiqə bişirin. Süzün.
Boranı diri qalmalıdır. Azca sarıkök əlavə edin, ehtiyatla qarışdırın.
Qazmaq:
Dərin kasaya 1 yumurta qırın, 2 xörək qaşığı xama və 4 xörək qaşığı süzülmüş düyü əlavə edin (çalışın, içinə boranı qarışmasın, yoxsa yanar), qarışdırın.
İri qazanın dibinə 80 qram ərinmiş yağ qoyun.
Qaynara düşəndə ocağı azaldın, yumurtalı qarışığı - qazmağı tökün, hamarlayın, qazanın qapağını örtün, 3-5 dəqiqə bişirin.
Süzülmüş düyünü əlavə edin, əzmədən hamarlayın. Düyünün üstünə parça-parça kərə yağı qoyun.
Qazanın qapağına təmiz, nəm dəsmal çəkin, qazanın ağzını örtün. Ya da qapağa xüsusi "papaq" geydirin. Zəif odda plovu 45 dəqiqə dəmləyin.
Qazmaq asan çıxsın deyə qazanı ocaqdan götürəndə yaş dəsmalın üstünə qoyun.
Boşqaba düyü çəkin, qazmağı bölüb üstünə düzün.
Qarniri yanında, yaxud buluddakı plov təpəciyinin üstündə verin.
Yorumlar
Yorum Gönder