Eldar Mahmudov kimdir
Eldar Mahmudov kimdir
Eldar Mahmudov 1956-cı ildə Bakı şəhərində alim ailəsində anadan olmuşdur. Ata nəsli əslən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndindəndir. 1978-ci ildə Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. SSRİ Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1980-2004-cü illərdə daxili işlər orqanlarında xidmət etmişdir. Bu dövrdə mütəşəkkil cinayətkarlıqla mübarizə, cinayət-axtarış strukturlarında çalışmışdır.
1993-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilmiş, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkilmişdir.
1993-2003-cü illərdə Sovet dönəminin ən korrupsiyalaşmış orqanlardan biri hesab olunan "OBXSS"-in varisi olan İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləmişdir. 2004-cü ilin əvvəlindən isə Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Mötəbər beynəlxalq qurumların işində, o cümlədən dünyanın bir çox ölkələrində korrupsiyaya, terrorizmə, insan alverinə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə həsr olunmuş konfranslarda, seminarlarda Azərbaycan Respublikasını təmsil etmişdir. Çoxsaylı beynəlxalq hüquqi sənədlərin, o cümlədən Korrupsiya ilə mübarizə haqqında BMT Konvensiyasının hazırlanmasında bilavasitə iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 iyul 2004-cü il tarixli 320 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri təyin olunmuş və general-mayor hərbi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli sərəncamı ilə general-leytenant, 27 mart 2014-cü il tarixli sərəncamı ilə isə general-polkovnik ali hərbi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilmişdir.
Yorumlar
Yorum Gönder